MƏDƏNİYYƏT
Qəbələdə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bayram şənliyi keçirilmişdir
Qəbələ, 10 may (AZƏRTAC). Qəbələ şəhərindəki “Qafqaz Sport” otelinin qarşısında ümummilli lider Heydər Əliyevin 91 illiyi münasibətilə bayram şənliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoymuşlar.
Üç mindən çox insanın iştirak etdiyi bayram konsertindən əvvəl çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışmış, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Bayram şənliyində yerli incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Sonra rayon ictimaiyyətinin nümayəndələri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin büstü qarşısına gül-çiçək düzərək Azərbaycan xalqının bu böyük oğlunun həyatını və siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşlar.