QƏBƏLƏDƏ YANĞIN BAŞ VERMİŞDİR
Bakı, 14 avqust (AZƏRTAC). Son günlər havaların isti və quraqlıq keçməsi ilə əlaqədar olaraq meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğın təhlükəsi artmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mərkəzi və yerli qurumları bu təhlükənin qarşısının alınması məqsədilə bütün səylərini birləşdirməklə yerli müəssisələrdə zəruri avadanlıqla təchiz olunmuş növbətçiliklər təşkil etmişdir.
Mütəmadi olaraq əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılır və zəruri profilaktik tədbirlər görülməsi davam etdirilir. Lakin bəzi şəxslər və torpaq mülkiyyətçiləri bu vacib məsələyə biganə qalmaqla, yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə davam edirlər. Belə şəxslərin məsuliyyətsizliyinin nəticəsində avqustun 13-də saat 17:00 radələrində Şahdağ Milli parkının Qəbələ rayonundakı meşə ərazisində yanğın hadisəsi baş vermişdir. Yanğının baş vermə səbəbi hələlik tam müəyyənləşdirilməsə də, onun meşədə moruq yığan yeniyetmə gənclərin ehtiyatsızlığından baş verdiyi ehtimal olunur. Yanğın 4 hektar ərazini əhatə etmişdir. Yanğının söndürülməsi üçün ETSN-in yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxıda yerləşən hərbi hissəsinin əsgərləri, Qəbələ rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları fəal iştirak etmiş və dünən gecə vaxtlarında yanğının güclü alovlanmasının qarşısı alınmışdır.
Yanğının əhatə etdiyi ərazinin genişlənməməsi üçün ərazi tam nəzarətə götürülmüş və bu sahədə ciddi tədbirlər görülür. Yanğının söndürülməsinə FHN-in 1 helikopteri də cəlb olunmuşdur. Yanğının baş verdiyi ərazi seyrək meşəlik, əsasən kol-koslu qayalıq ərazi olduğundan, ilkin ehtimala görə meşəyə ciddi ziyan dəyməmişdir. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayyət etməyə çağırır.