MƏDƏNİYYƏT
Qəbələdə yeni ailə quran gənclər nikahlarını Heydər Əliyev Mərkəzində rəsmiləşdirmişlər
Qəbələ, 10 may (AZƏRTAC). Qəbələ rayonunun Həmzəli kənd sakinləri Sərxan Həşimov və Aynur Əmrahova evlilik həyatının ilk gününə müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiramlarının ifadəsi ilə başlamışlar.
AZƏRTAC xəbər verir ki, yeni ailə həyatı quran cütlük mayın 10-da Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin xatirəsini ehtiramla yad edərək büstü önünə gül dəstələri düzmüş, eksponatlarla tanış olmuşlar.
Daha sonra ailə həyatı quran gənclər üçün Heydər Əliyev Mərkəzində qohumların və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə təntənəli nikah mərasimi keçirilmişdir. Tədbir iştirakçıları tərəfindən yeni ailə quranlara xoşbəxtlik və səadət arzulanmışdır.
Evlilik həyatına qədəm qoyan cütlüklər dövlətçiliyimizə sadiqlik andı içmişlər. Mərasimdə yeni ailə həyatı quran gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.