REGİONLAR
Qəbələdə yeni heyvandarlıq kompleksləri yaradılır
Qəbələ, 29 yanvar (AZƏRTAC). Son vaxtlar Qəbələdə heyvandarlıq sahəsində əhəmiyyətli dirçəliş hiss edilir. Rayonda fərdi təsərrüfatlarda mal-qaranın baş sayının ildən-ilə artmasına baxmayaraq heyvandarlıq komplekslərinin yaradılmasına ciddi ehtiyac vardır və bu sahədə mühüm işlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Qəbələnin Ovculu kəndində yeni inşa edilən iribuynuzlu heyvandarlıq kompleksi artıq istifadəyə verilmişdir. Kompleksdə 660 baş inək və düyə bəslənilir.
Rayonda heyvandarlığın inkişafı üçün Avstriyadan gətirilən cins inəklərin hamısından yaxın vaxtlarda yeni balaların əldə edilməsi gözlənilir.
Hazırda Qəbələnin Vəndam qəsəbəsində 500 başlıq maldarlıq kompleksinin inşasında tamamlanma işləri görülür. Bundan əlavə, əhalinin quş əti və yumurtaya olan tələbatının ödənilməsi məqsədilə rayonda əvvəllər mövcud olmuş broyler quşçuluq kompleksi əsaslı təmir edilir.
Rayonda inkişaf etməkdə olan heyvandarlığın yemə olan tələbatının ödənilməsi məqsədi ilə yem bitkilərinin əkin sahələri də genişləndirilmişdir. Bununla əlaqədar rayonda yemlik qarğıdalı sahələri genişləndirilərək 190 hektara, yonca sahələri 293 hektara, birillik ot sahələri isə 301 hektara çatdırılmışdır. Bundan əlavə, rayonda mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması üçün səkkiz süni mayalama məntəqəsi yaradılmış və lazımi avadanlıqla təmin edilmişdir.