REGİONLAR
Qəbələdə yeni özəl damazlıq təsərrüfatları və süni mayalama məntəqələri yaradılmışdır
Qəbələ, 25 yanvar (AZƏRTAC). Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a ildirmişlər ki, 2010-cu ildə Qəbələdə ət istehsalı 57 ton artaraq 5.384 tona, süd istehsalı 123 ton artaraq 25 min 781 tona, yumurta istehsalı 78 min ədəd artaraq 8 milyon 63 min ədədə, yun istehsalı 5 ton artaraq 443 tona çatmışdır. Rayonda bu sahənin davamlı inkişafı üçün ötən il 2 qaramal və bir davar özəl damazlıq təsərrüfatları yaradılmışdır ki, onlar da heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayırlar.
Mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması üçün rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən süni mayalama məntəqələrinin sayı 6-ya çatdırılmışdır. Hazırda daha 2 kənddə belə məntəqənin yaradılması üçün iş aparılır. Lazımi avadanlıqla təmin edilmiş məntəqələr keçən il 2.153 baş inək və düyədə süni mayalama aparmışdır.
Hazırda maldarlıq komplekslərinin yaradılması istiqamətində iş aparılır. Rayonda mal-qaranın yoluxucu xəstəliklərdən mühafizə olunması üçün vaxtaşırı müayinə və profilaktika işləri görülür. Son bir ildə təsərrüfatlarda yoluxucu xəstəliklər müşahidə edilməmişdir. Hazırda rayonda epizootik durum sabitdir.