REGİONLAR
Qəbələli fermerlər cari ildə 25 min hektardan çox sahədə taxıl yetişdirmişlər
Qəbələ, 6 iyul (AZƏRTAC). Qəbələ rayonunda taxıl biçini kampaniyası uğurla davam etdirilir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, fermerlər 13 min 850 hektar sahədən 37 min ton taxıl biçmişlər. Məhsuldarlıq orta hesabla 26,3 sentner olmuşdur. Havaların əlverişli keçməsindən səmərəli istifadə edən fermerlər məhsul yığımının vaxtında və itkisiz başa çatdırılması üçün zəmilərə 48 kombayn və digər texnika çıxarmışlar.
Cari ildə torpaq mülkiyyətçiləri öz təsərrüfatlarında 25 min 958 hektar sahədə taxıl yetişdirmişlər. Bu da əvvəlki illə müqayisədə 300 hektar çoxdur. Taxıl sahələrinin 19 min 300 hektarını buğda, 6 min 658 hektarını arpa təşkil edir.
“Aqrolizinq” ASC-nin Qəbələ “Aqroservis” filialının dəstəyi ilə biçin ərəfəsində taxılbiçən kombaynlar təmir olunaraq texniki baxışdan keçirilmişdir. Mövcud texnikalar taxıl yığımını sürətlə və itkisiz başa çatdırmağa imkan verəcəkdir. Kombaynçılar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılmışlar. Biçin kampaniyası ərəfəsində rayonda bələdiyyə sədrlərinin və fermerlərin iştirakı ilə taxılın yanğın hadisələrindən qorunması ilə bağlı keçirilən tədbir təhlükəsizlik qaydalarına riayət edilməsinə zəmin yaratmışdır.