REGİONLAR
Qəbələnin otel və mehmanxanaları üç ayda 17 mindən çox turistə xidmət göstərib
Qəbələ, 14 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 17 min 731 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 12 min 586 nəfəri və ya 71 faizi Azərbaycan, 5 min 145 nəfəri və ya 29 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.
Bildirilib ki, yanvar-mart aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2555 nəfər azalıb. Üç ayda yerli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6881 nəfər və ya 64,6 faiz azalsa da, əcnəbi turistlərin sayında 4326 nəfər və ya 6 dəfədən çox artım qeydə alınıb.
İdarə rəisinin sözlərinə görə, cari ilin yanvar-mart aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Belə ki, ilin birinci rübündə bu ölkənin 1538 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, bu ilin üç ayında Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 1492, Rusiyadan 372, Küveytdən 265, Türkiyədən 225, Hindistandan 209, Pakistandan 123, Omandan 115, Qətərdən 84 turist gəlib. Gələnlərin 722 nəfəri isə digər ölkələrin vətəndaşları olub.