REGİONLAR
Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusu oxucuların marağına səbəb olur
Qəbələ, 12 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Arxeoloji Mərkəzdə sərgilənən “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarından ibarət toplu mərkəzə gələn ziyarətçilərin diqqətini özünə cəlb edir.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bir il əvvəl Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə Azərbaycan, rus və ingilis dillərində nəfis şəkildə nəşr olunan 3 kitabdan ibarət bu topluda 2500 illik tarixə malik Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə zəngin məlumat toplanıb.
Qəbələ bölgəsi və qədim Qəbələ şəhərinin arxeoloji, tarixi və etnoqrafik baxımdan kompleks tədqiqatlarının nəticəsi olan toplunun “Qəbələ tarixi” kitabında bölgənin 450000 il əvvəl başlanan tarixi 2017-ci ilin əvvəlinə qədər öz əksini tapıb. Kitabda Qəbələ bölgəsinin ibtidai icma, tunc, antik və orta əsrlər dövrlərini əhatə edən minilliklər boyu tarixi keçmişi, qədim Qəbələ şəhərinin Qafqaz Albaniyasının paytaxtı kimi formalaşması və yüksəlişi, XVIII əsrə qədər Qafqazın və Şərqin görkəmli şəhərlərindən biri olması, XIX-XXI əsrlərdəki yüksəlişi barədə geniş məlumat verilib.
Toplunun “Qəbələ etnoqrafiyası” kitabında regionun təbii-coğrafi şəraiti və etnik mənzərəsi, təsərrüfat həyatı, sənətkarlıq sahələri, maddi-mənəvi mədəniyyəti, ailə məişəti barədə məlumatlar geniş oxucu kütləsinin diqqətinə təqdim edilir. Topluya daxil olan “Qəbələ folkloru” kitabında isə çoxəsrlik folklor mədəniyyəti (xalq poeziyası, əfsanələr və sair) ilk dəfə əhatəli şəkildə qələmə alınıb.
Zahir Kərimov bildirib ki, kitabsevərlərin maraq dairəsi nəzərə alınaraq, Qəbələ Arxeoloji Mərkəzinin kitabxanası və sərgi salonunda toplu ilə yaxından tanış olmaq və mütaliə etmək üçün ziyarətçilərə hər cür şərait yaradılıb.