REGİONLAR
Qədim Gəncə şirniyyatı – Zilviyə
Gəncə, 13 mart, Rauf Hacıyev, AZƏRTAC
Keçmişdə Novruz bayramı ərəfəsində Gəncədə süfrəyə paxlava, şəkərbura, nazik və digər şirniyyatlarla yanaşı, zilviyə də düzülərdi.
AZƏRTAC xəbər verir ki, özünəməxsus dadı, ətri və rəngbərəng görünüşü ilə seçilən bu qədim şirniyyat növü artıq unudulmaq üzrədir.
Zilviyənin hazırlanması uzun vaxt və böyük zəhmət tələb etdiyindən bu, həm də şirniyyatın tədricən şəhər sakinləri tərəfindən unudulmasına səbəb olub. Zilviyəni əsasən Novruz bayramına bir neçə gün qalmış bişirər və bayram axşamı süfrəyə düzərdilər. Bayram axşamı süfrəyə qoyulan hər bir şirniyyat və çərəz özündə Novruzla əlaqədar müəyyən mənanı daşıdığı kimi, ən çox sarı və qırmızı rənglərdə bişirilən dairəvi formalı zilviyələr də martın 21-də gecə ilə gündüzün bərabərliyinə işarə imiş.
Aparılan araşdırmalar göstərir ki, zilviyə ərəb ölkələrində, İran və Hindistanda geniş yayılmış şirniyyat növüdür. Bu şirniyyat ərəb ölkələrində zlabiyə, zilabiyə, İranda zulbiyə, Hindistanda isə həm də jaləbi adı ilə tanınır.
Şirniyyatın bişirilməsində əsasən buğda unu, yumurta ağı, qatıq, nişasta və mayadan, şərbətinin hazırlanmasında şəkər və sudan, qızardılmasında isə bitki yağından istifadə olunur. Bir sıra ölkələrdə hazırlanan zilviyələrin tərkibində sarıkök, zəfəran kimi ədviyyatlardan, eləcə də limon suyundan və portağal şirəsindən istifadə olunur, üstünə küncüt səpilir.
Qeyd edək ki, vaxtilə Gəncədə hər evdə hazırlanan bu şirniyyatın bişirilməsi və satışı ilə hazırda yalnız bir nəfər şəhər sakini - Ayna Qəmbərova məşğuldur. O, bu qədim şirniyyatın bişirilmə qaydasını qoruyub saxlamaqla yanaşı, onu gənc nəslə də öyrətməyə çalışır.