“Qəhrəmanlar unudulmur” devizi ilə sərgi açılıb
Naxçıvan, 25 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda birliyin təşkilatçılığı ilə Naxçıvan şəhidlərinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” devizi ilə portret sərgi təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Vətən müharibəsində böyük hünər və rəşadət göstərərək şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi 44 gün ərzində xalqımızın şanlı qələbəsi ilə başa çatıb. İgid oğullarımız böyük şücaət göstərərək Vətən yolunda öz canlarını qurban veriblər. Müharibədə Naxçıvanın igid oğulları da böyük qəhrəmanlıqla döyüşüb, şəhidlik zirvəsinə yüksələrək əbədiyaşarlıq qazanıblar.
Qeyd olunub ki, canlarını Vətənə qurban verən şəhidlərimiz Naxçıvanda böyük ehtiramla qarşılanıb. Muxtar respublikamızda şəhidlərimizin xatirəsi yaşadılır, həmişə əziz tutulur. Biz bütün şəhid analarının qarşısında baş əyirik. Bugünkü tədbir də şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə təşkil edilib. Rəssamlarımız tərəfindən naxçıvanlı şəhidlərin portretləri çəkilib.
Ülviyyə Həmzəyeva muxtar respublikada şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonra şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov çıxış edərək bildirib ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimiz hər zaman xalqımızın qəlbində yaşayacaq, hörmətlə anılacaqdır. Şəhid atası göstərilən qayğıya və bu sərginin keçirilməsinə görə minnətdarlıq edib.
Sonra tədbir iştirakçıları tərəfindən şəhidlərimizə həsr olunmuş videoçarx izlənilib.
Sonda muxtar respublikanın tanınmış rəssamlarının çəkdikləri şəhid portretləri onların ailə üzvlərinə təqdim edilib.