MƏDƏNİYYƏT
Qənirə Paşayeva: Mədəniyyət sahəsi Azərbaycan üçün prioritet təşkil edir
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakıda “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət komitəsinin sədri bu tədbirin Şuşada, daha sonra Bakıda keçirilməsinin rəmzi mənası olduğunu vurğulayıb: “Konfrans iştirakçılarının Şuşada olması və düşmən barbarlığını öz gözləri ilə görmələri mühümdür. Bununla onlar bizim qələbəmizin qurucu mədəniyyətin dağıdıcı mədəniyyət üzərində qələbəsi olduğunu anlayacaqlar.
Çox təəssüflər ki, bu qədər barbarlıq faktları – dağıdılmış ibadətgahlar, viran edilmiş mədəniyyət ocaqları, soyqırımı aktları məlum olduğu halda, bir çox dövlətlər hələ də barbarlıq törədənləri müdafiə edir. Özü də, həmin dövlətlər özlərini mədəniyyətin, demokratiyanın, insan haqlarının müdafiəçisi kimi qələmə verir. Biz isə həmişə insanlara, ölkələrə din, dil, mədəniyyət ayrımı aparmadan yanaşmışıq. Ermənistan Qarabağda, Şərqi Zəngəzurda yalnız Azərbaycan, Türk-İslam mədəniyyət abidələrini dağıtmayıb, onlar bununla bəşər mədəniyyətinə zərbə vurub, insanlığa zərər verib”.
Q.Paşayeva qeyd edib ki, Zəngilanda, Ağdamda, işğaldan azad olunmuş digər Azərbaycan şəhər və kəndlərində milli özünəməxsusluğu, tarixi hadisələri, bəşər mədəniyyətinin ən ümdə texnoloji, mədəni uğurlarını üzvi surətdə birləşdirən yaşayış məntəqələri, ağıllı kəndlər, şəhərlər tikilir. Zəngilanın “ağıllı kənd”i Ağalı artıq öz sakinlərini qoynuna alıb. Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları alternativ və bərpaolunan enerji, başqa sözlə, yaşıl mədəniyyət ünvanına dönüşür. Bunlar həm mədəniyyətdir, həm iqtisadiyyatdır, həm özünəməxsusluq həm də beynəlxalq trendlərə cavab vermə gücünün təntənəsidir.
Mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdıran Q.Paşayeva ümummilli lider Heydər Əliyevin sözlərini xatırladıb: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Mədəniyyət komitəsinin sədri vurğulayıb ki, Prezident İlham Əliyev ümummilli liderin siyasətini, mədəniyyətin inkişafı xəttini uğurla davam etdirir, yeni nailiyyətlərə imza atır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva, onun uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyətin, necə deyərlər, bilavasitə himayəçisidir.
“Azərbaycanda musiqi, xalçaçılıq, mətbəx və sənətkarlıqla bağlı mövzu üzrə yetərincə məqamları, hadisələri qeyd edə bilərik. Məsələn, Azərbaycan qədim mətbəxinin ən çağdaş formada təqdimatına aid onlarla örnək var. Azərbaycan xalçaları dünyanın harasında nümayiş olunmasından asılı olmayaraq, öz ilmələri, rəng simmetriyası və istinad etdiyi xalçaçılıq məktəbi etibarı ilə milli ruhu əks etdirir. Yaxud ABAD layihələri yeni trendlərə cavab verir, həm milli özünəməxsusluğumuzu təcalla etdirir”.
Mədəniyyət sahəsində gəlirliliyin, yaradıcı sənayelərin ölkə iqtisadiyyatında payının artırılması, yaradıcı sənayelərin ixrac potensialının gücləndirilməsi kimi məsələlərdən danışan komitə sədri deyib: “Mədəniyyətin iqtisadiyyatı, yaradıcı sənayelər idarəetmə mədəniyyəti, intellektual mədəniyyətlə sıx bağlıdır. Belə hesab edirəm ki, uşaqlarımız orta məktəb illərindən yaradıcılığa həvəsləndirilməli, onların istedadı, qabiliyyəti üzə çıxarılmalı, dəstəklənməlidir. Bu sahədə uyğun proqramlar işlənməlidir, mədəniyyət, təhsil, vergi, gömrük və digər əlaqədar dövlət orqanları yaradıcı sənayelərin inkişafı üçün birgə çalışmalı, səyləri birləşdirməlidir”.
Qənirə Paşayeva çıxışının sonunda Vətən müharibəsində və Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-13-də törətdiyi təxribatlar nəticəsində canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.