İQTİSADİYYAT
“Qərbi Azəri” platformasında profilaktik işlərə başlanılmışdır
Bakı, 17 noyabr (AZƏRTAC). Xəzərdəki “Qərbi Azəri” platformasında profilaktik işlərə başlanılmışdır.
“bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Azəri” yatağının plan üzrə texniki xidmət üçün bütün platformalarında neft hasilatı növbə ilə dayandırılacaqdır. Platformalarda həyata keçiriləcək profilaktik işlər 2011-ci ilin iş proqramında və büdcəsində əvvəlcədən nəzərdə tutulmuşdur və artıq “Şərqi Azəri” platformasında bu işlər həyata keçirilmişdir. Səmərəli texniki xidmətin göstərilməsini təmin etmək məqsədi ilə cədvəl əsasında noyabrın 16-dan “Qərbi Azəri”də də profilaktik işlərə başlanılmışdır. Bu platformada işlər başa çatdırıldıqdan sonra “Mərkəzi Azəri” platformasında müvafiq işlər görüləcəkdir.
Qeyd edək ki, profilaktik işlərə oktyabrın 20-dən “Şərqi Azəri” platformasında başlanılmış və 11-15 gün davam etmişdir.
Platformalardan birində iş görülən zaman “Azəri” yatağında yerləşən digər iki platformada hasilat davam etdirilir. Bu işlər texniki xidmət proqramında nəzərdə tutulmuşdur.
bp-nin idarəçiliyi altında olan digər platformalarda - “Çıraq”, “Dərinsulu Günəşli” (hər ikisi Azəri-Çıraq-Günəşli (AÇG) blokunun bir hissəsidir) və “Şahdəniz”də hasilat, eləcə də Cənubi Qafqaz qaz kəmərində (Bakı-Tbilisi-Ərzurum) və Bakı-Supsa neft kəmərində ixrac əməliyyatları adi rejimdə davam etdirilir.
Profilaktik işlər çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Səngəçal terminalı ştat rejimdə işləməyi davam etdirəcək, AÇG və “Şahdəniz”də aparılan istehsalat proseslərini əlaqələndirəcəkdir. Ceyhan limanından yüklənmələr də “Azəri” yatağındakı platformalarda hasilatın növbə ilə dayandırılması və planlı texniki xidmətlə əlaqədar həcmlərin azalmasını əks etdirən cədvələ uyğun həyata keçiriləcəkdir.