DÜNYA
Qətər Avropaya əlavə təbii qaz tədarük edə bilməyəcəyini açıqlayıb
Qahirə, 27 yanvar, AZƏRTAC
Qətərin neft naziri Ukrayna ətrafında yaranmış gərginliklə bağlı Avropanın təbii qaz təchizatına kömək etməklə əlaqədar ABŞ Administrasiyasının müraciətinə mənfi cavab verib.
AZƏRTAC xəbər verir ki, Rusiyadan Avropaya qaz nəqlinin kəsiləcəyi təqdirdə Qətərin dövrəyə girməsi variantını dəyərləndirən nazir Saad Əl-Kaabi ölkəsinin təbii qazın böyük bir hissəsini Asiya ölkələrinə ixrac etdiyini və müvafiq kontraktların pozulmasının mümkün olmadığını bildirib. Doha rəsmisinin bu bəyanatı ABŞ-ın Dövlət katibi Antoni Blinkenin qətərli həmkarı Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə danışıqlarından sonra verilib.
Neft naziri diqqətə çatdırıb ki, ötən ilin dekabrından bu günədək Avropanın şimal-qərbindəki ölkələrə LNG yüklənmiş 42 tanker yola salınıb, lakin Qətərin əlavə imkanları yoxdur. O qeyd edib ki, pandemiya şəraitində təbii qaz qiymətlərinin artması fonunda onun ölkəsi 80 milyon ton LNG ixrac edib və bundan artıq təbii qaz nəqli mümkün deyil. Əl-Kaabi deyib ki, Qətər qaz hasilatını artırmaq məqsədilə yeni layihələrə 30 milyard dollar xərcləyib, amma həmin yataqlarda hasilata 2025-ci ildən tez başlamaq mümkün olmayacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə