ELM VƏ TƏHSİL
Qeyri-antiklinal tipli tələlərin aşkarlanması və xəritələnməsi istiqamətində tədqiqatlar aparılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) “Erkən pliosen çöküntülərinin mənşəyi və lay dəstələrinin sinxronlaşdırılması” mövzusu üzrə Yer elmləri sahəsində respublika elmi seminarı keçirilib.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılan müasir tədqiqatların vacibliyindən danışıb.
Sonra seysmostratiqrafiya şöbəsinin rəhbəri, akademik Pərviz Məmmədovun mövzu üzrə məruzəsi dinlənilib.
Bu istiqamətdə aparılan tədqiqatlardan danışan məruzəçi bildirib ki, araşdırmalar bir çox xarici universitetlər, elmi mərkəzlər və neft şirkətləri ilə əməkdaşlıq şəraitində birgə elmi layihələr, qrant təminatlı tədqiqatlar nəticəsində aparılıb. Elmi nəticələr beynəlxalq konfrans və simpoziumlarda təqdim olunub, nüfuzlu jurnal və toplularda dərc edilib. Tədqiqatların praktik əhəmiyyətli nəticələrindən biri məhsuldar qat lay dəstələrinin pazlaşma zonalarının və qeyri-antiklinal tipli tələlərin aşkarlanması və xəritələnməsidir.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.