MƏDƏNİYYƏT
“Qəzəllər” kitabının və “www.qəzəl.az” saytının təqdimatı olmuşdur
Bakı, 22 dekabr (AZƏRTAC). Dekabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Yasin Xəlilin “Azərbaycan” nəşriyyatında çapdan çıxmış “Qəzəllər” kitabının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Vahid” poeziya evinin direktoru hacı Rafiq Əliyev kitab haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, Yasin Xəlilin ilk qəzəllər divanı olan kitabda şairin eşq-məhəbbət, təbiət gözəllikləri, Vətənə sevgi mövzusunda yazılmış əsərləri toplanmışdır.
Prezident təqaüdçüsü, şair İlyas Tapdıq, “Azərbaycan” jurnalının şeir sektorunun müdiri Qəşəm Nəcəfzadə, şairlər Balayar Sadiq, Səxavət Talıblı və başqaları kitabda yer almış mənəvi-tərbiyəvi mövzuda qəzəllərin yüksək peşəkarlıqla yazıldığını bildirmişlər.
Tədbir çərçivəsində, həmçinin “ www.qəzəl.az ” saytının da təqdimatı olmuşdur.
Sonda Y.Xəlil tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.