İQTİSADİYYAT
Qəzvin-Rəşt-Astara dəmir yolu 2015-ci ildə istifadəyə veriləcək
Tehran, 19 sentyabr (AZƏRTAC). “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu 2015-ci ildə istifadəyə veriləcək.
Bu barədə Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin icraçı direktoru Fərhad Kafi məlumat verib.
Qeyd olunub ki, yolun ümumi uzunluğu 205 kilometr, Ənzəli-Astara hissəsinin uzunluğu isə 164 kilometrdir. Yolun çəkilişinə İranın 6 böyük şirkəti cəlb edilib. Yol boyu 22 tunelin və 15 körpünün tikilməsi nəzərdə tutulur və 15 tunel artıq hazırdır.
İqtisadi cəhətdən səmərəli olan Qəzvin-Rəşt-Astara dəmir yolu İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək. İlkin mərhələdə bu yol vasitəsilə 6 milyon ton yük daşınması gözlənilir. Sonralar bu göstərici 15-20 milyona çatacaq. Yolun inşasına ümumilikdə 400 milyon dollar sərmayə yatırılması planlaşdırılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran