SİYASƏT
QHT-LƏR ÜÇÜN YARADILAN İNTERNET SAYTI TEZLİKLƏ FƏALİYYƏTƏ BAŞLAYACAQDIR
Bakı, 15 sentyabr (AZƏRTAC). QHT-lərin fəaliyyətinin müxtəlif sahələri haqqında informasiyaların cəmiyyətə obyektiv və operativ çatdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən tədbirlər həyata keçirilir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, şura informasiya mübadiləsinin daha yaxşı təşkili üçün “qhtxeber.az” internet saytını yaratmaq və onu bütövlükdə QHT-lərin xidmətinə vermək haqqında qərar qəbul etmişdir.
Sayt cari informasiyalarla bərabər, QHT-lərin hesabatlarını, beynəlxalq əlaqələrini, müxtəlif rəy sorğularının, monitorinqlərin nəticələrini yaymaqla məşğul olacaqdır.
Saytın QHT-lər tərəfindən informasiya təminatını yaxşılaşdırmaq üçün QHT-lərə press-relizlərin hazırlanmasının standart formaları göndəriləcəkdir.
Xatırladaq ki, şuranın hər ay nəfis tərtibatda nəşr olunan “Vətəndaş cəmiyyəti” jurnalı QHT fəaliyyətinin cari və konseptual məsələlərini işıqlandırır. Bir sıra media qurumları Şura tərəfindən maliyyələşdirilən layihələrlə cəmiyyətdə informasiya mübadiləsini, o cümlədən QHT fəaliyyəti ilə bağlı məlumat və xəbərlərin hazırlanması və yayılmasını təmin edirlər.