SİYASƏT
QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI 229 TƏŞKİLATDA MONİTORİNQ KEÇİRMİŞDİR
Bakı, 16 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu ildə 229 layihəni maliyyələşdirmişdir. Bu layihələrə 2 milyon 68 manat vəsait ayrılmışdır.
Bu sözləri sentyabrın 16-da Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 2009-cu ildə maliyyələşdirilən layihələrin monitorinqinin birinci mərhələsinin yekunlarına dair konfransda söyləmişdir. Şura Katibliyi ilə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun apardığı monitorinq vaxtı bir neçə meyar əsas götürülmüşdür. Bura QHT-lərin layihə çərçivəsində götürdüyü öhdəliklər, icrası ilə bağlı görülmüş işlər, qanunvericiliyə uyğun sənədləşmənin aparılması, nəticələrin ictimaiyyətə çatdırılması və digər meyarlar daxildir.
A.Quliyev demişdir ki, monitorinq layihələr üzrə yerinə yetirilmiş işlərin real mənzərəsini əks etdirir, bəzi QHT-lərin nöqsanlarını üzə çıxarır.
Konfransda monitorinqin nəticələri geniş müzakirə olunmuşdur. Bildirilmişdir ki, son iki ildə dövlətin ayırdığı maliyyə yardımı ölkənin QHT sektorunda böyük irəliləyişə səbəb olmuşdur. Keçirilmiş monitorinqin əsas nəticələrindən biri də odur ki, Şuranın maliyyə yardımı ilə həyata keçirilmiş layihələr indiyədək beynəlxalq donorların diqqətindən kənarda saxladığı mövzular və istiqamətlər üzrədir. Eyni zamanda monitorinqin nəticələrindən asılı olaraq təşkilatların növbəti il üçün maliyyələşdirilməsi perspektivləri müəyyənləşdirilir.
######