CƏMİYYƏT
Qida məhsullarının saxlanılması və daşınması mövzusunda təlim keçirilib
Bakı, 1 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahə ilə bağlı sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, “Azərsun Holdinq”in əməkdaşları üçün “Qida məhsullarının saxlanılması və daşınması” mövzusunda təşkil olunan təlim zamanı qida məhsullarının saxlanması və daşınması zamanı icra edilməli olan təhlükəsizlik tələbləri haqqında ətraflı məlumat verilib. Həmçinin proses çərçivəsində baş verə biləcək risk və təhlükələrdən, çirklənmələrdən danışılıb.
Eyni zamanda, çirklənmələrin qarşısının alınması üçün həyata keçirilməli olan önləyici tədbirlərdən bəhs edilib. İştirakçılar qida məhsullarının daşınması və saxlanması üçün tələb olunan sanitar-texniki və sanitar-gigiyenik qaydalar haqqında da məlumatlandırılıb.
Təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.