DÜNYA
Qırğızıstan Prezidenti İssık-Kul vilayətinin Ceti-Oğuz rayonunda fövqəladə vəziyyət elan etmişdir
Bişkek 1 iyun (AZƏRTAC). Artıq beşinci gündür ki, mitinqçilər Qırğızıstanın İssık-Kul vilayətinin Ceti-Oğuz rayonunda “Kumtor” qızıl mədəninə gedən yolu bağlamışlar. Onlar bu mədənin istismarı ilə əlaqədar Kanadanın Centerra Gold Şirkəti ilə bağlamış müqavilənin ləğv olunmasını və regionda sosial yönümlü proqramlar həyata keçirilməsini tələb edirlər.
Ötən gecə isə etirazçılar Tamqa kəndində “Kumtor” mədənini elektrik enerjisi ilə təmin edən yarımstansiyanı tutmuş, mədənə elektrik enerjisinin verilməsi tam dayandırılmışdır. Mitinqçilərlə hökumət qüvvələri arasında baş verən qarşıdurmada 60-dan artıq insan yaralanmışdır. Onların 20-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Yaralananlar vilayət xəstəxanalarına yerləşdirilmişlər. Bişkekdən İssık-Kula həkim briqadası göndərilmişdir.
Qırğızıstan baş nazirinin müavini Şamil Ataxanov ötən gün mitinqçilərlə görüşüb söhbət aparmış, lakin danışıqlar heç bir nəticə verməmişdir.
Mayın 31-də axşam saatlarında isə Qırğızıstan Prezidenti Almazbek Atambayev Ceti-Oğuz rayonunda fövqəladə vəziyyət elan etmişdir. Komendant saatı iyunun 10-dək axşam saat 21-dən səhər saat 6-dək qüvvədə olacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek