DÜNYA
Qırğızıstan və Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraq doğuran aktual məsələlər müzakirə edilmişdir
Bişkek, 3 aprel (AZƏRTAC). Qırğızıstan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Almazbek Atambayev bu ölkədə səfərdə olan Amerika Birləşmiş Ştatları dövlət katibinin Mərkəzi və Cənubi Asiya dövlətləri üzrə köməkçisi Nişu Desai Bisvalı qəbul etmişdir.
Görüşdə Qırğızıstan ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın aktual məsələləri ətraflı müzakirə olunmuşdur.
Nişu Desai Bisval Əfqanıstanda vəziyyətin sabitləşməsi istiqamətindəki dəstəyə görə Qırğızıstan Prezidentinə minnətdarlığını bildirmişdir. Amerikalı diplomat Əfqanıstanda, bütövlükdə Mərkəzi Asiyada təhlükəsizliyin təmin edilməsi istiqamətində “Manas” Beynəlxalq aeroportunda olan Tranzit Daşımaları Mərkəzinin xidmətini yüksək qiymətləndirmişdir.
Almazbek Atambayev regional təhlükəsizlik məsələlərinin Qırğızıstan üçün çox əhəmiyyətli olduğunu vurğulamışdır. O demişdir ki, Qırğızıstan və ABŞ arasında əməkdaşlıq ölkələrimizin milli maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek