MƏDƏNİYYƏT
Qırğızıstanın “Piramida” telekanalında Azərbaycan filmləri həftəsi başlamışdır
Bişkek, 2 iyul (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyinin mətbuat katibi İlkin Abbasəliyevin verdiyi məlumata görə, iyulun 2-də Bişkekdəki “Piramida” televiziya kanalında Azərbaycan kinosu həftəsi başlamışdır.
İyulun 2-də saat 13-də ilk olaraq telekanalda “Nizami” bədii filmi göstərilmişdir. İyulun 3-də eyni vaxtda “Axırıncı aşırım” filmi nümayiş etdiriləcəkdir.
Sonrakı günlərdə isə mədəniyyətimizin qızıl fonduna daxil olan “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” bədii filmləri təqdim olunacaqdır.
Səfirlikdən bildirmişlər ki, bu ilin mayında və iyunun əvvəllərində digər televiziya kanallarında da Azərbaycan kinosu həftəsi keçirilmişdir.
Mayın 10-dan 18-dək isə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Bişkekdəki “NTS”, Qırğızıstanın İctimai Teleradioyayım Korporasiyası və “Manas janırıcı” televiziya kanalında tanınmış kinorejissor Vaqif Mustafayevin ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev” sənədli filmi rus dilində hissə-hissə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek