SİYASƏT
Qırğızıstanın rusdilli “Slovo Kırqızstana” qəzeti Azərbaycan səfirinin müsahibəsini dərc etmişdir
Bişkek, 29 mart (AZƏRTAC). Bişkekdə rus dilində çıxan “Slovo Kırqızstana” qəzeti Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun müsahibəsini dərc etmişdir.
Səfir müsahibədə son illər Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin inkişafından, hər iki ölkənin prezidentlərinin müxtəlif tədbirlər çərçivəsində görüşlərindən, Qırğızıstan dövlətinin başçısı Almazbek Atambayevin Azərbaycana ötənilki rəsmi səfərindən danışmışdır.
Diplomat xatırlatmışdır ki, 2012-ci ildə Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilmiş, Qırğızıstanda neft emalı zavodunun tikintisinə dair konkret təkliflərin hazırlanması ilə bağlı birgə işçi qrupu yaradılmış, bu istiqamətdə danışıqları davam etdirmək qərara alınmışdır.
H.Orucov son illər ölkələrimiz arasında elm, texnika, təhsil, sənaye, nəqliyyat, ticarət, informasiya-kommunikasiya texnologiyaları sahələrində əlaqələrin yaradıldığını bildirmişdir. Kənd təsərrüfatı, turizm, hidroenergetika, alternativ enerji mənbələri sahələrində də əməkdaşlıq imkanlarının olduğu və bundan istifadə ediləcəyi diqqətə çatdırılmışdır.
Səfir bildirmişdir ki, hazırda Qırğızıstan-Azərbaycan İnvestisiya Fondunun və İnvestisiya Bankının yaradılması istiqamətində iş aparılır. O, qeyd etmişdir ki, Azərbaycan-Qırğızıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının bu ilin payızında Bakıda ikinci iclası keçiriləcək və bu tədbirdə bir çox məsələlərə aydınlıq gətiriləcəkdir.
Diplomat ölkələrimiz arasında birbaşa hava xəttinin açılması, Qırğızıstandakı Azərbaycan diasporu ilə əməkdaşlıq, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun əsərlərinin Azərbaycanda nəşri, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, birgə tədbirlərin keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat vermişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek