İQTİSADİYYAT
Qiymətli kağızlar bazarının həcmi altı ayda 86 faiz artıb
Bakı, 17 iyul (AZƏRTAC). İyulun 17-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) ötən 6 ayın yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, iclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı cari ilin ilk 6 ayında dünya iqtisadiyyatının ayrı-ayrı coğrafi məkanlarında müşahidə olunan əsas meyllər, eləcə də onları şərtləndirən amillər barədə danışıb. Qeyd edilib ki, qlobal iqtisadi mühit üçün xarakterik olan volatillik və qeyri-sabit inkişaf fonunda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında artım templərini qoruyub saxlamaq mümkün olub. Əsas makro-iqtisadi və sosial inkişaf göstəricilər baxımından ölkəmizin beynəlxalq mövqeyi daha da güclənib, strateji valyuta ehtiyatları artaraq 54 milyard ABŞ dolarına çatıb.
QKDK sədri bu müsbət iqtisadi dinamikanın ölkənin qiymətli kağızlar bazarına da sirayət etdiyini bildirərək, 2014-cü ilin ilk yarısında bazarın həcminin ötən ilin müvafiq dövrünə nisbətən 86 faiz artaraq 5,9 milyard manat təşkil etdiyini diqqətə çatdırıb.
Kollegiya iclasında 2014-cü ilin 6 ayı ərzində həyata keçirilmiş tədbirlər və strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat verilib. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hüquqi bazanın möhkəmləndirilməsi, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ictimaiyyət üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkili istiqamətində görülmüş işlərdən də danışılıb.
İclası yekunlaşdıran kollegiyanın sədri R.Aslanlı cari ilin 6 ayını bütövlükdə komitə üçün məhsuldar dövr kimi səciyyələndirərək, yeni ticarət və post ticarət sisteminin tətbiqi, qiymətli kağızlar bazarında vergi qoyma siyasətinin müəyyən edilməsi, qiymətli kağızlar bazarı haqqında qanun layihəsinin razılaşdırılması prosesinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.