İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Gəncədə zona seminar-müşavirəsi keçirmışdır
Gəncə, 4 iyun (AZƏRTAC). Gəncədə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı, İqtisadi İnkişaf Nazirliyinin (İİN), Auditorlar Palatasının, Avropa İttıfaqının (Aİ) TACİS proqramı nümayəndələrinin iştirakı ilə regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin rəhbərləri üçün “Səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin səmərəliliyinin artırılması” mövzusunda seminar-müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gəncə ilə yanaşı, Göygöl, Şəmkir, Qazax, Goranboy, Samux və Yevlax rayonlarında fəaliyyət göstərən 150-dək səhmdar cəmiyyəti rəhbərinin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə açan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini İlqar Muradov qurum tərəfindən həyata keçirilən tədbirlərdən, həmçinin regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərində korporativ idarəetmənin tətbiqindən, maliyyə-hesabat sisteminin qanunvericiliyin tələblərinə uyğun qurulmasından və səhmdarların hüquqlarının səmərəli qorunması sahəsində qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra Aİ-nin kapital bazarları üzrə eksperti Yanis Filopilusun, İqtisadi İnkişaf Nazirliyinin korporativ idarəetmə sektorunun məsləhətçisi Nicat Eyvazzadənin, Auditorlar Palatası sədrinin elmi-metodiki məsələlər üzrə müşaviri Nəcəf Talıbovun “Avropa İttifaqının korporativ hesabatlıq üzrə şəffaflıq tələblərinə dair”, “Korporativ idarəetmə standartları”, “Səhmdar cəmiyyətlərinin hesabatlıq tələbləri, maliyyə hesabatlarının auditi problemləri” mövzularında məruzələri dinlənilmişdir.
Seminar-müşavirədə səhmdar cəmiyyətlərinin hesabatlığına dair milli qanunvericiliyin tələbləri və bu istiqamətdə komitə tərəfindən beynəlxalq təşkilatlarla birlikdə hazırlanan yeni qanunvericilik təşəbbüslərinə dair layihənin təqdimatı da keçirilmiş, bu sahədə iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.