İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ötən ilin yekunlarına dair hesabat vermişdir
Bakı, 24 yanvar (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2013-cü il ərzində fəaliyyətin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, QKDK-nın sədri Rüfət Aslanlı çıxış edərək, ötən il dünya iqtisadiyyatında müşahidə olunan əsas meyllərdən danışmış, qlobal miqyasda mövcud olan iqtisadi risklər və baş verən proseslər fonunda artım templərinin aşağı düşdüyünü diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bununla belə, Azərbaycan iqtisadiyyatında ötən dövrlərdə olduğu kimi, 2013- cü ildə də sabit və dayanıqlı inkişaf davam etmişdir.
Komitə sədri təkcə Azərbaycanın deyil, dünyanın enerji landşaftını dəyişdirə biləcək və ölkəmizin regional liderliyinin təcəssümü olan “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanmasından söz açmış, eyni zamanda 2013-cü ildən başlayaraq ölkə iqtisadiyyatının artım dinamikasının qeyri-neft sektoru hesabına təmin edilməsinin çox müsbət hal olduğunu vurğulamışdır.
Sədr hesabat dövründə ölkənin qiymətli kağızlar bazarında mühüm proseslərin baş verdiyini, bazar infrastrukturunun və hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı baxımından əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirmişdir. Həmçinin hesabat ilində qiymətli kağızlar bazarının ticarət infrastrukturunda köklü dəyişikliklərə nail olunduğu və özündə kilirinq-hesablaşma və depozitar funksiyalarını birləşdirən Mərkəzi Depozitar İnstitutunun formalaşdırıldığı diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, hesabat dövründə komitə tərəfindən göstərilən elektron xidmətlərinin səviyyəsi və imkanları daha da genişləndirilmişdir və cari ildə bu istiqamətdə işlər davam etdiriləcəkdir.
R.Aslanlı ötən dövr ərzində ölkənin qiymətli kağızlar bazarında əməliyyatların dinamikasının qorunub saxlandığını, korporativ qiymətli kağızların ticarətində ötən dövrlərlə müqayisədə 31 faiz artım müşahidə olunduğunu bildirmişdir.
Daha sonra QKDK sədrinin müavinləri və struktur bölmələrinin rəhbərləri çıxış edərək, 2013-cü il ərzində həyata keçirilmiş tədbirlər və strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat vermişlər.
Müzakirələrə yekun vuran kollegiyanın sədri R.Aslanlı “2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafına dair” Dövlət Proqramında, həmçinin “2013-2015-ci illər üzrə Strateji Plan”da nəzərdə tutulmuş tədbirlərin effektiv icrasının təmin edilməsi istiqamətində müvafiq tapşırıqlar vermişdir.