İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi struktur bölmələrinin 2014-cü il üçün planları müzakirə edilmişdir
Bakı, 9 dekabr (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) struktur bölmələrinin 2014-cü il üçün əməliyyat planlarının müzakirəsinə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, iclasda “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının növbəti dövr üzrə səmərəli icrasının təmin edilməsi sahəsində qarşıda duran vəzifələr, həmçinin struktur bölmələr tərəfindən hazırlanmış tədbirlər planı müzakirə edilmişdir.
Kollegiya iclasında inkişafın müasir aləti sayılan strateji idarəetmə metodologiyasından istifadə etməklə QKDK-nın missiyasının həyata keçirilməsi, yeni orta müddətli strateji dövr üçün qarşıya qoyulmuş hədəflərə nail olunması və ölkədə səmərəli bazar tənzimlənməsinin həyata keçirilməsi məqsədi ilə hazırlanmış inkişaf strategiyasının müstəsna rolu qeyd edilmişdir.
Strateji məqsədlərə yönəlmiş tədbirlərin icra mexanizmləri geniş müzakirə olunduqdan sonra “2013-2015-ci illər üzrə strateji plan”ın 2014-cü ili üçün tədbirlər planı təsdiqlənmişdir.