CƏMİYYƏT
“Qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlılığın artırılmasında medianın rolu” mövzusunda təlim davam edir
Bakı, 7 iyul, AZƏRTAC
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin “MediaLink” şirkəti ilə birlikdə jurnalistlər üçün təşkil etdiyi “Qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlılığın artırılmasında medianın rolu” mövzusunda təlim davam edir.
AZƏRTAC xəbər verir ki, təlimin ikinci günündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova gender məsələlərinin mediada işıqlandırılması mövzusunda monitorinq aparıb. Tədbir “Qızım olsun, yoxsa oğlum?” və digər mövzular ətrafında müzakirələrlə davam edir.
Təlimin məqsədi gender əsaslı zorakılıq, qadınlara səlahiyyət verilməsi və s. mövzularda yazan jurnalistləri cinslərin doğum zamanı nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlandırmaq və medianın diqqətini son illər Azərbaycanda aktual olan bu mövzuya cəlb etməkdir.