Qlobal Təkrar Emal Günü qeyd edilib
Bakı, 18 mart, AZƏRTAC
Böyük Qayıdış Proqramı çərçivəsində 18 Mart - Qlobal Təkrar Emal Günü ilə əlaqədar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən ümumi təhsil müəssisələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən maarifləndirici tədbirlər təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına tam orta məktəbində, Laçın şəhəri 2 nömrəli tam orta məktəbində və Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində “Tullantı kimi deyil, resurs kimi düşün” mövzusu ətrafında keçirilib.
Görüşlər zamanı iştirakçılara təkrar emalın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təkrar emal təbii resursların qorunmasına, enerji sərfiyyatının azaldılmasına, tullantıların həcminin minimuma endirilməsinə və karbon emissiyalarının azaldılmasına mühüm töhfə verir.
Eyni zamanda, gündəlik həyatda tətbiq olunabilən praktik yanaşmalar – tullantıların mənbədə çeşidlənməsi, birdəfəlik məhsullardan istifadənin azaldılması, təkrar istifadə vərdişlərinin formalaşdırılması, istifadə olunmuş əşyaların yenidən dəyərləndirilməsi, qida israfının azaldılması və təkrar emal mədəniyyətinin ailə və təhsil mühitində təşviqi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlər interaktiv formatda təşkil olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib.
Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərin ekoloji biliklərinin artırılması, daha məsuliyyətli istehlak davranışının təşviq edilməsi və ekoloji davranışın gələcək nəsillərə ötürülməsinin vacibliyinin aşılanması olub.