CƏMİYYƏT
“Qloballaşan dünyada sülh siyasəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 3 sentyabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində “Qloballaşan dünyada sülh siyasəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Regional Mərkəzi rəisinin müavini Tale Şamçıyev bildirmişdir ki, Azərbaycan Ombudsmanının təşəbbüsü ilə hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə ”Beynəlxalq Sülh Günü” aylığı keçirilir.
T.Şamçıyev qeyd etmişdir ki, Beynəlxalq Sülh Günü BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır. Bu gün dünyanın bütün nöqtələrində gedən müharibələrdə atəşkəs elan olunur. Ənənəyə görə, hər il BMT-nin baş katibi Baş Məclisin ofisində sentyabrın 21-də “Sülh zəngi”ni vurur.
Tədbirdə çıxış edən Ombudsman Aparatının hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə “Prezident İlham Əliyev və Azərbaycanın sülh siyasəti” mövzusunda çıxış etmişdir. O, Ombudsman Aparatının FHN ilə sıx əməkdaşlığı çərçivəsində bu tədbirin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
FHN Bakı Regional Mərkəzinin hüquq sektorunun müdiri Namiq Tumasov insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətindən danışmışdır.
Müzakirələrdən sonra Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin sülh mövzusuna həsr olunmuş əsərlərindən ibarət bədii blokun təqdimatı olmuşdur.