MƏDƏNİYYƏT
Qlyukoza: “Jara” Azərbaycan-Rusiya dostluğunun tərənnümüdür
Bakı, 29 iyul, AZƏRTAC
“Jara” əsl musiqi bayramıdır. Bu festivalda iştirak etdiyim üçün çox məmnunam. Bakıda, Xəzərin ecazkar sahilində, “Sea Breeze” istirahət mərkəzi kimi gözəl məkanda təşkil olunan “Jara” bu günədək iştirak etdiyim festivallar arasında öz möhtəşəmliyi ilə seçilir. Musiqi sərhəd tanımır. Biz öz ifamızla insanları sülhə səsləyirik. Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi Qlyukoza bildirib.
“Jara” Azərbaycan-Rusiya dostluğunun tərənnümüdür”, - deyə vurğulayan Qlyukoza festivalın bu baxımdan əhəmiyyətini yüksək dəyərləndirib. Qeyd edib ki, Bakıya məşhur estrada ulduzları toplaşıb. Belə gözəl musiqi axşamları yerli və xarici qonaqlara, böyük tamaşaçı auditoriyasına xoş anlar, hədsiz sevinc yaşadır.
Müğənni Bakı haqqında da heyranlıqla danışır: “Bu dəfə təyyarəmiz Heydər Əliyev Beynəlxalq Aeroportuna enəndə Bakını tanımadım. Şəhəriniz gündən-günə çiçəklənir”.