ELM VƏ TƏHSİL
Qobustan rayonu müəllimlərinin konfransında ötən dərs ilinin yekunları və yeni dərs ilinə hazırlıq işləri geniş müzakirə olunmuşdur
Qobustan, 10 sentyabr (AZƏRTAC). Qobustanda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda 2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilinə hazırlıqla əlaqədar məruzə dinlənilmiş, müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, rayonda 30 ümumtəhsil müəssisəsi, o cümlədən 18 tam orta, 10 ümumi orta, 2 ibtidai məktəb fəaliyyət göstərir. Ötən tədris ilində ümumtəhsil məktəblərində 4.962 şagird təhsil almış, onların təlim-tərbiyəsi ilə 609 müəllim məşğul olmuşdur. Bu il məzunlardan 149 nəfəri qəbul imtahanlarına sənəd vermiş, onlardan 68 nəfəri ali məktəblərə və ali hərbi akademiyaya, 35 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuşdur. Məzunlardan 2 nəfəri 600, 5 nəfəri isə 500 baldan yuxarı nəticə göstərmişdir.
Məruzə və çıxışlarda son illər respublikamızda, o cümlədən Qobustanda, təhsilin səviyyəsinin yüksəldilməsi, ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi istiqamətində görülən işlərdən, əldə olunan müvəffəqiyyətlərdən ətraflı danışılmış, bütün bunların ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatının, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının nəticəsi olduğu bildirilmişdir. Son illərdə rayonun Poladlı, Bədəlli, Dərəkənd, Çalov, Nardaran, Hilmilli, Təklə, Cəngi, Göydərə və Cəmcəmli kəndlərində, eləcə də rayon mərkəzində məktəblər üçün yeni binalar tikilmişdir.
Konfransda yeni dərs ilinə hazırlıqla əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən də ətraflı danışılmışdır. Bildirilmişdir ki, Ərəbqədim və Cəyirli kənd tam orta məktəblərinin binalarında bərkitmə və əsaslı təmir işləri aparılmışdır. Çuxanlı tam orta və Cəyirli ümumi orta məktəbləri binalarının tikintisində son tamamlama işləri aparılır. Təhsil müəssisələrinə 57 min 672 manatlıq müxtəlif avadanlıq, 5.100 manatlıq informasiya-kommunikasiya texnologiyaları avadanlığı, 4.126 manatlıq idman ləvazimatları və s. verilmişdir. Konfransda rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov və Təhsil Nazirliyinin məsul işçisi Faiq Şahbazlı çıxış etmişlər.
Sonda builki qəbul imtahanlarında yüksək bal toplayanlara qiymətli hədiyyələr verilmişdir.