REGİONLAR
Qobustanda karantin rejimi qaydalarını pozan 4 nəfər cərimə olunub, 100 nəfərdən çox vətəndaşa xəbərdarlıq edilib
Qobustan, 17 noyabr, AZƏRTAC
Qobustan rayonunda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə reydlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nəzarət məqsədilə polis şöbəsinin əməkdaşları ictimai nəzarət komissiyasının üzvləri ilə birlikdə Qobustan ərazisində ictimai iaşə, ticarət obyektlərində və son günlər vəfat edən vətəndaşların yaşadıqları ünvanlarda növbəti reyd keçirib. Reyd zamanı şəhərin Heydər Əliyev prospektində, Nərimankənd və Yeni Massiv hissələrində, Ş.Şikarov, T.İsmayılov küçələrində keçirilən reyd zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub, 4 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri 100 manat məbləğində cərimə edilib. Habelə, 100 nəfərdən çox rayon sakininə xəbərdarlıq edilib.