REGİONLAR
Qobustanda taxıl səpininə hər gün 100-dək texnika çıxarılır
Qobustan, 10 oktyabr, AZƏRTAC
Qobustan rayonunda payızlıq taxıl əkini kampaniyası sürətlə davam edir, indiyədək 8284 hektar sahədə səpin aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu mühüm kampaniyaya qabaqcadan ciddi hazırlıq görüldüyündən işlər ahəngdar gedir. Hər gün sahələrə 100-dək texnika çıxarılır. Əksər yerlərdə, o cümlədən daha çox taxıl əkiləcək Sündü, Xilmilli, Poladlı, Ərəbqədim və bir sıra digər ərazi vahidlərində səpin daha mütəşəkkil davam edir.
Qeyd edək ki, ötən payızda cari ilin məhsulu üçün rayonda 24 min 625 hektarda taxıl əkilmişdi və sahələrdən 55 min 43 ton məhsul istehsal olunmuşdu. Bu payızda isə 25 min hektarda səpin aparılacağı proqnozlaşdırılır.