REGİONLAR
Qobustanın ümumtəhsil məktəbləri yeni dərs ilinə hazırlaşır

Qobustan, 29 avqust, AZƏRTAC
Qobustan rayonunda qarşıdakı tədris ilinə hazırlıq işləri ilə əlaqədar ciddi tədbirlər görülür.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, qarşıdakı dərs ilində ümumtəhsil məktəblərində 4879 şagird təhsil alacaq. Yeni tədris ilinə hazırlıq məqsədilə rayonun Sündü, Bəklə, Poladlı, Nabur kənd tam orta, Ərəbşahverdi kənd ümumi orta, Qurbançı kənd ibtidai məktəblərində cari və əsaslı təmir işləri davam etdirilir. Yaxın günlərdə isə Qobustan şəhər 3 saylı tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılacaq.
Ümumtəhsil məktəblərində müəllim çatışmazlığını aradan qaldırmaq məqsədilə müxtəlif ixtisaslar üzrə 51 vakant yer ayrılıb. Hazırda müsahibə və müsabiqələrdə uğur qazanan müəllimlərin ümumtəhsil məktəblərində müəllim kimi qeydiyyata alınması davam edir.
Təhsil Nazirliyi tərəfindən şagirdlər üçün 19418 ədəd dərslik və müəllimlər üçün 1270 ədəd vəsait göndərilib. Dərsliklərin sentyabrın 5-dək şagirdlərə paylanılması nəzərdə tutulub.