REGİONLAR
Qobustanlı gənc: Milli Qurtuluş Günü zirvəyə aparan yolun başlanğıcıdır
Qobustan, 15 iyun, AZƏRTAC
Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Günü ümumxalq bayramına çevrilib. Bu bayram günlərində bir daha ötən əsrin 90-cı illəri xatırlanır, ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti bir daha təhlil edilir və öyrənilir.
Qobustanlı gənc, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər birliyinin üzvü Günay Əliyeva Milli Qurtuluş Günü, bu tarixi günün Azərbaycanın, onun bir parçası olan Qobustanın müasir dövrünə verdiyi töhfələr barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb: Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqilliyini bərpa edən Azərbaycanda hökm sürən iqtisadi, siyasi böhran, ölkədaxili anarxiya 1993-cü ilin əvvəlində daha da kəskinləşərək silahlı qarşıdurmaya çevrilmişdi. Müstəqil respublikamızın tarixində ən ağır dövr yaşanırdı. Düşmən təcavüzünə məruz qalan ölkənin daxilində vətəndaş müharibəsi alovlanırdı. Ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzləşmişdi.
Belə bir çətin və ağır məqamda xalq bir daha müdriklik göstərərək dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevə müraciət etdi. Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni eranın təməli olmaqla qurtuluş bayramına çevrildi. Xalq 1988-ci ildən etibarən düşdüyü ağır vəziyyətdən birdəfəlik xilas oldu.
Xalqın dəstək və qüvvəsinə arxalanan Ümummilli Liderimizin həyata keçirdiyi müdrik siyasət nəticəsində tezliklə ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, silahlı qruplaşmalar zərərsizləşdirildi, dövlət çevrilişi cəhdləri iflasa uğradı, ölkədə ictimai-siyasi sabitlik bərpa edildi. Həmçinin iqtisadiyyatın inkişafı üçün əsaslı və cəsarətli islahatlar keçirildi, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, bir sözlə, bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu. Biz gənclər fəxr edirik ki, Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycan regionun lider dövlətinə çevrilib. Xalqımızın həyat səviyyəsi gündən-günə yüksəlməkdədir. Hər bir azərbaycanlı kimi biz qobustanlılar da bu yüksəlişi, bu tərəqqini, rifahımızın yaxşılaşmasını gündəlik həyatımızda hiss edir və görürük.
Günay Əliyeva qeyd edib ki, əvvəllər boz səhranı xatırladan Qobustan indi şəhərə çevrilib. Ulu Öndərin adını daşıyan musiqili, fəvvarəli park salınıb, gənclər və uşaqlar üçün əyləncə mərkəzləri tikilərək istifadəyə verilib. Son illərdə rayonda 250-dən çox fərdi yaşayış evi, 18 yeni məktəb binası, o cümlədən Heydər Əliyev Fondu tərəfindən 4 məktəb binası tikilib istifadəyə verilib. Onlarla yeni inzibati bina, Olimpiya İdman kompleksi, Qarabağ əlilləri və şəhid ailələri üçün 8 mənzilli yaşayış binası, 3 Qarabağ əlili üçün iki otaqlı fərdi mənzillər tikilib. Qobustanda quruculuq, abadlıq, yaşıllaşdırma işləri geniş vüsət alıb. Rayonumuzda hazırda mərkəzi xəstəxana üçün beşmərtəbəli bina, Qobustan şəhərində 624 şagird yerlik yeni məktəb binası tikilir. Kənd yollarının 82 faizi asfaltlaşdırılıb. Qazlaşdırma 96 faiz yerinə yetirilib. Qobustan şəhər əhalisinin içməli su ilə təminatı tam ödənilib, şəhərin bütün küçələri asfaltlaşdırılıb, yeni işıqlandırma sistemi qurulub.
“Əlbəttə, bütün bunlar Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla irəliləyən Azərbaycanımızın bir bölgəsi olan Qobustanın inkişafından, yaraşıqlı bir diyara çevriləcəyindən xəbər verir. Bir sözlə, Milli Qurtuluş Günü zirvəyə aparan yolun başlanğıcıdır. Təsadüfi deyil ki, bütün qobustanlı gənclər Milli Qurtuluş Gününü bayram əhval-ruhiyyəsi ilə qarşılayırlar”, - deyə qobustanlı gənc bildirib.