MƏDƏNİYYƏT
“Qonağımız var” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Qonağımız var" layihəsi çərçivəsində uşaq yazarı professor Solmaz Amanova ilə görüş keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, oxucular, məktəblilər və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüş çərçivəsində yazıçı Solmaz Amanovanın vətənpərvərlik mövzusunda yazılmış yeni kitabı "Al beretli qızıl əsgər" oxuculara təqdim olunub. İkinci Qarabağ müharibəsi tarixində Azərbaycanın şanlı Qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları” , “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kimi müxtəlif kitabları barədə ətraflı məlumat verilib.
Solmaz Amanova uşaqlara xalqımızın şanlı tarixi, vətən uğrunda qəhrəman övladlarımızın apardığı mübarizələr, qədim diyarımız Qarabağ, mədəniyyət beşiyimiz Şuşa, daim torpaqlarımıza göz dikmiş erməni quldurları haqqında danışaraq bildirib ki, biz düşmənimizi heç zaman unutmamalı, daim vətənimizin müdafiəsi, azadlığı, çiçəklənməsi üçün güclü olmalı, bu ənənəni nəsillərdən-nəsillərə ötürməliyik.
Görüş zamanı uşaqlar yazıçının yaradıcılığı, həyata keçirdiyi layihələrlə tanış olublar.