DÜNYA
QUAD ölkələrinin liderləri Hind-Sakit okeanında birtərəfli gücün tətbiqinə qarşıdırlar

Tokio, 4 mart, AZƏRTAC
Yaponiya, ABŞ, Avstraliya və Hindistanın (QUAD) liderləri Hind-Sakit okean regionunda status-kvonun dəyişdirilməsi üçün birtərəfli qaydada gücün tətbiqinə qarşı olduqlarını bəyan ediblər.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə QUAD liderləri martın 3-də keçirilən virtual görüş zamanı bəyan ediblər. Liderlərin görüşün nəticəsi olaraq qəbul etdikləri bəyanatda qeyd edilir ki, Hind-Sakit okean regionunun dörd əsas ölkəsi təbii fəlakətlər və Ukraynadakı kimi gözlənilməz böhranlar baş verəcəyi halda yeni humanitar mexanizmlərin, o cümlədən rabitə kanallarının yaradılması barədə razılığa gəliblər.
Görüşdən sonra Yaponiyanın Baş naziri Fumio Kişida Avstraliyanın Baş naziri Skott Morrison, ABŞ Prezidenti Co Bayden və Hindistanın Baş naziri Narendra Modi ilə yaxın aylarda Tokioda əyani sammitin təşkili haqda razılaşdığını bildirib.
Sammitin cari ilin birinci yarısında keçiriləcəyi planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio