İQTİSADİYYAT
Quba əhalisi müntəzəm və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur
Bakı, 17 noyabr (AZƏRTAC). Qarşıdan gələn qış aylarında elektrik enerjisi təchizatında dayanıqlılığı təmin etmək üçün “Quba” Elektrik Şəbəkə (EŞ) Müəssisəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, rayon əhalisini müntəzəm və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədi ilə şəhər və kənd kompleks transformator məntəqələri və elektrik verilişi xətləri əsaslı və cari təmir edilmişdir. Ümumilikdə rayon üzrə 13 transformator məntəqəsində, elektrik verilişi xətlərinin 17 kilometrində əsaslı təmir işləri həyata keçirilmişdir. Uzun müddət istismarda olan və artıq yüklənmə rejimində işləyən güc transformatorları dəyişdirilmişdir. Rayonun İspik, Susay, Küsnət, Paşa Oba, Qəçrəş, Qələdüz və Amsar kəndlərində olan transformatorlar tələb olunan gücə uyğun analoqlarla əvəzlənmişdir.