İQTİSADİYYAT
Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi davam etdirilir
Quba, 23 may (AZƏRTAC). Yeddi min nəfər əhalinin yaşadığı, 7 kəndi birləşdirən 23 kilometrlik Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, “Azəravtoyolservis” ASC tərəfindən çəkilən yolda hazırda tikinti işlərinin birinci mərhələsi aparılır. Bu mərhələdə yolun genişləndirilməsi, suötürücülərin quraşdırılması, istinad divarlarının və iki körpünün tikilməsi nəzərdə tutulmuşdur. Artıq yolun 13 kilometrinə çınqıl döşənmiş, 5 kilometr hissədə isə genişləndirmə işləri aparılaraq torpaq yatağı hazırlanmışdır.
İş icraçısı Nəsir Əsədov bildirmişdir ki, gələn aydan başlayaraq yola asfalt salınacaqdır.
Yolun tikintisinin cari ilin sentyabrında sona çatdırılması nəzərdə tutulmuşdur.
Bu yolun tikintisi üçün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır.