MƏDƏNİYYƏT
Quba rayonunda 2012-ci il “Kitabxanalar ili” elan edilmişdir
Bakı, 5 aprel (AZƏRTAC). Ölkənin şimal bölgəsində 2012-ci ilin “Kitabxanalar ili” elan edilməsi ilə əlaqədar Xaçmaz və Şabran rayon icra hakimiyyətlərinin təşəbbüsünə Quba rayonu da qoşulmuşdur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Quba rayonunda 2012-ci ilin “Kitabxanalar ili” elan edilməsi ilə bağlı hazırlanan tədbirlər planına “Quba və qubalılar” kitabının, “Quba – turizm və abidələr diyarıdır” elektron məlumat bazasının hazırlanması nəzərdə tutulmuşdur. İl çərçivəsində, həmçinin Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filiallarının birində “1918-ci ilin Quba soyqırımı” guşəsinin yaradılması, habelə kitabxanalarda mütaliənin inkişafına dair kompleks tədbirlərin (“dəyirmi masa”, seminar, mütaliə yürüşləri) keçirilməsi planlaşdırılır.
Bundan əlavə, kitabxanaların fondlarının elektron informasiya daşıyıcıları, multimedia vasitələri ilə zənginləşdirilməsi, kitabxanaların müasir avadanlıqla təchiz edilməsi, habelə rayon ərazisində kitabxana filiallarının binalarının təmiri və əsaslı təmiri sözügedən tədbirlər planına daxil ediləcəkdir.