CƏMİYYƏT
Quba rayonunda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir və treninq keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Quba rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan məlumat verilib.
İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb. Həmçinin komissiyaların üzvlərinə metodiki kömək göstərilib, onlar zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda treninq keçirilib.
Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan sertifikatlar verilib.