REGİONLAR
Qubada "Tolerantlıq və multikulturalizm" mövzusunda konfrans təşkil edilib VİDEO
Quba, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC
Millətlərarası münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında tolerantlıq və multikultural dəyərlər vacib rol oynayır. Ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qubadakı Heydər Əliyev Mərkəzində 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar "Tolerantlıq və multikulturalizm" mövzusunda təşkil olunan konfransda səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Quba Rayon İcra Hakimiyyətinin birğə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimovun tolerantlıq mövzusunda mühazirəsi dinlənilib.
Mühazirədə qeyd olunub ki, bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir.
Azərbaycan qanunvericiliyində dini dözümlülüyü, vicdan azadlığını, din-dövlət münasibətlərini özündə əks etdirən konstitusion əsaslardan danışan Əyyub Kərimov bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də vətəndaşlara tolerant mühit yaradıldığını vurğulayıb.
Konfransda icra hakimiyyətinin məsul şəxsləri, rayonda yaşayan müxtəlif xalqların təmsilçiləri, yerli ziyalılar çıxış ediblər. Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Qubada da müxtəlif xalqların öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumalarına, yaşatmalarına və inkişaf etdirmələrinə yüksək diqqət və qayğı göstərilir. Rayonda 3 dinə məxsus 20-dən artıq müxtəlif millətin və xalqın nümayəndələri, həmçinin etnik qruplar yaşayır. Bu xalqlar əsrlər boyu mehriban yaşayıb, öz milli mədəniyyətlərini, dinlərini, dillərini qoruyub saxlayıblar.
Qeyd olunub ki, Bilik Fondunun təşəbbüsü ilə Beynəlxalq Tolerantlıq Günü ərəfəsində ölkəmizin bütün bölgələrində eyni mövzuda 70-dən çox tədbir təşkil olunacaq. Tədbirlərdə tanınmış alimlər, mütəxəssislər mühazirələrlə çıxış edəcəklər.