REGİONLAR
Qubada dörd kənddə 1000 yaxın abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb
Quba, 29 noyabr, Elxan Yusifli, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Quba rayonunun Hacıhüseynli, Gənclər, Çaydüzü və Əliməmmədoba kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, 907 abonenti olan 4 yaşayış məntəqələrinin qazlaşdırılması üçün 63 min 128 metr metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Noyabrın 29-da kəndlərə təbii qazın verilməsi münasibətilə Hacıhüseynli kəndində keçirilən mərasimdə “Azəriqaz” İB-nin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Tədbirdə bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizin qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.
Qubada qazlaşdırılan yaşayış məntəqələrinin sayı 72, qazdan istifadə edən abonentlərin sayı isə 28 min 500-ə çatdırılıb.
Çıxış edənlər sakinləri kəndlərə təbii qazın verilməsi münasibətilə təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıblar. Qeyd edilib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir.
Sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.
“Azəriqaz” İB-nin nümayəndələri evlərdə olub, abonentləri təbii qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.
Noyabrın 29-da Qubanın Barlı kəndində qaztənzimləyici məntəqə də fəaliyyətə başlayıb.