CƏMİYYƏT
Qubada şəhid Bəşir Abbasovun ailəsi ziyarət olunub
Bakı, 20 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov Vətən müharibəsində şəhid olmuş Bəşir Nizami oğlu Abbasovun Quba rayonunda yaşayan ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı tarixi torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən Bəşir Abbasovun xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb.
Fondun İdarə heyətinin sədri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi ilə əlaqədar görülən işləri diqqətə çatdırıb. Şəhidin ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.
Qeyd edək ki, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Bəşir Abbasov Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif olunub.