Qubada şəhid Eynulla Lətifovun xatirəsi əbədiləşdirilib
Quba, 8 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Vətən müharibəsi şəhidi Eynulla Lətifovun xatirəsi əbədiləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 8-də rayonun İkinci Nügədi kəndində Eynulla Lətifovun şərəfinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib.
Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Vətən müharibəsi şəhidi Lətifov Eynulla Niyətulla oğlu 2001-ci il sentyabrın 8-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olub.
Vətən müharibəsinin ilk günündən manqa komandiri kimi döyüşlərə qatılan Eynullanın ən böyük arzusu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yolunu gedərək şücaət göstərmək olub.
Qəhrəman əsgər əvvəlcə Füzuli cəbhəsində döyüşüb. Bu döyüşlərdə yaralansa da, döyüş meydanını tərk etməyib. Sonrakı döyüş yolu Cəbrayıl və Xocavənd istiqamətində olub. 19 yaşlı döyüşçü düşmənlə döyüşdə şücaəti ilə hərbçi yoldaşlarının rəğbətini qazanıb.
Eynulla oktyabrın 19-da Xocavənd rayonunda döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Çıxış edən şəhid valideynləri və kənd ağsaqqalları Eynullanın keçdiyi döyüş yolundan, onda olan yüksək vətənpərvərlik hissindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Eynulla Lətifovun Vətən müharibəsi zamanı üzərində saxladığı Azərbaycan bayrağı şəhidin anasına təqdim olunub.
Tədbirdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndiriblər.