Qubada “Şəhidlər parkı” salınır
Quba, 6 aprel, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Vladimirovka kəndində “Şəhidlər parkı” salınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 8 min kvadratmetr olan parkda sakinlərin istirahəti və asudə vaxtlarının təşkili üçün hər bir şərait yaradılacaq.
Vladimirovka inzibati ərazi dairəsinə daxil olan 5 kənd Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində 21 şəhid verib. “Şəhidlər parkı”nda bütün qubalı şəhidlərin xatirəsi əbədiləşdiriləcək.
Parkda hazırda son tamamlama işləri görülür. Tezliklə parkda oturacaqlar və işıqlandırma sisteminin quraşdırılması başa çatdırılacaq. Park ərazisində dekorativ kol və ağaclardan ibarət yaşıllıq salınacaq.
Vladimirovka kəndinin mərkəzi küçəsi də yenidən qurularaq asfalt döşənəcək.
Parkın aprelin sonunadək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.