REGİONLAR
Qubalı məktəblilər polis şöbəsinin qonağı olub
Quba, 12 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubalı məktəblilər rayon polis şöbəsində (RPŞ) polis əməkdaşlarının xidməti ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yol polisimizlə bir gün” adlı tədbir çərçivəsində şagirdlər xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlar haqqında məlumatlandırılıb, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-asayişin təmin olunması barədə görülən işlərdən danışılıb.
Məktəblilərə izah olunub ki, növbətçi hissədə polisə edilən müraciətlərə təxirəsalınmaz və operativ yanaşılır, onlara baxılması üçün lazımi tədbirlər görülür.
Daha sonra məktəblilərlə polislərin söhbəti çay süfrəsi arxasında davam edib.
Bu tanışlıq məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Tədbirin sonunda məktəblilərə polislər tərəfindən hədiyyələr təqdim olunub.