QULDURLAR YAXALANMIŞLAR
Xəbər verildiyi kimi, dekabrın 2-də Bakının Səbail rayonu ərazisində quldurluq hadisəsi baş vermişdir. Axşam saat 19.30 radələrində bir qrup maskalı şəxs aldatma yolu ilə “Britiş Petroleum-Amoko” şirkətinin baş müdiri, Böyük Britaniya vətəndaşı Telle Fişerin mənzilinə girib, bıçaq və tapança ilə onu hədələmiş, əl-ayağını bağladıqdan sonra evdən bir ədəd musiqi mərkəzi, bir ədəd kompüter, bir telefon, kredit kartı, 800 ABŞ dolları götürmüş, həyətdən isə şirkətə məxsus “Cip-Qalloper” markalı avtomaşını aparmışdılar.
Elə həmin gün faktla əlaqədar cinayət işi açılaraq əməliyyat-axtarış tədbirlərinə başlanmışdı.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Cip-Qalloper” avtomaşını dekabrın 6-da, saat 14 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Qazax yolunun 372-ci kilometrliyində yerləşən stasionar postunda yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Quldur dəstəsinin maşında olan iki üzvü - Gəncə şəhər sakinləri Firudin Zeynalov və Samir Hüseynov yaxalanmışlar.
Cinayətin azadlıqda qalan digər iştirakçılarının da müəyyən olunaraq tutulması üçün əməliyyat tədbirləri davam etdirilmişdir. Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında cinayətin 3-cü iştirakçısını - şəhər sakini Şövqü Musayevi tutmuşlar. Quldurluq törətmiş dəstənin daha iki üzvü - Sumqayıt şəhər sakini Biləndər Nəcəfov və Cəbrayıl rayonundan olan məcburi köçkün, hazırda Bakı şəhərində müvəqqəti məskunlaşmış Nofəl Dünyamalıyev də DİN-in Baş Cinayət-Axtarış İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində yaxalanaraq zərərsizləşdirilmişlər.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.