DÜNYA
Quraqlıq İspaniyanı su şirinləşdirmə qurğularına 200 milyon avrodan çox sərmayə yatırmağa məcbur edir
Madrid, 19 avqust, AZƏRTAC
İspaniya ölkə tarixi ərzində ən şiddətli quraqlıqla qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, fövqəladə iqlim vəziyyəti və turizmin inkişafı İspaniya hökumətini içməli suyun hasil olunmasının istehsal gücünü artırmağa və bu çərçivədə 20 il bundan əvvəl qəbul edilmiş sahilboyunda su şirinləşdirici qurğuların yaradılması üzrə çoxmilyonluq planı həyata keçirməyə məcbur edir. Bu qurğuların köməyi ilə suvarmanı təmin etmək və milyonlarla insanı su ilə təchiz etmək mümkün olardı.
İspaniyanın suyun şirinləşdirilməsi və təkrar istifadəsi assosiasiyasının (AEDyR) məlumatına görə Krallıq suyun şirinləşdirilməsi üzrə istehsal gücünə görə - sutkada təqribən 5 milyon kubmetr - Avropada liderdir, dünyada isə beşinci yeri tutur. Bu göstərici üzrə 34 milyon əhalini su ilə təmin etmək mümkündür. Hazırda İspaniyada, o cümlədən Kanar və Balear adalarında dəniz suyunu şirinləşdirən 68 qurğu var, onlardan hər birinin istehsal gücü sutkada 10 min kubmetrdən 250 min kubmetrə qədərdir.
Balear adaları universitetinin (UIB) bu yaxınlarda apardığı tədqiqata görə, adada suyun dörddəbir hissəsi turistlər tərəfindən istifadə olunur. Bununla belə, İbitsada su kəmərləri ilə gələn suyun 70 faizi artıq dənizdən daxil olur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid